Ürək-damar xəstəliklərinin müasir aspektləri müzakirə edilir

Türkiyənin Bayraktar Group Sağlamlıq Turizm Şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə Bakıda “Ürək-damar xəstəliklərinin müasir aspektləri” adlı elmi-praktik konfrans keçirilir. Konfransın keçirilməsində məqsəd ürək-damar problemlərinin müalicəsinin daha əlçatan və asan olmasını təmin etməkdir.

AZƏRTAC xəbər verir ki, 2 gün davam edəcək konfransın ilk günü “Ürək çatışmazlığında koronar revaskulyarizasiyanın bu günü və gələcək istiqamətləri”, “Ürək qapağı xəstəliklərinin cərrahi müalicəsi” və digər mövzular türk və yerli mütəxəssislər tərəfindən müzakirə edilir.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Rəşad Mahmudov səhiyyə sahəsindəki əməkdaşlığın xalqlarımızın sağlamlığına və insan kapitalının inkişafına dəstək olduğunu vurğulayıb. O qeyd edib ki, Bayraktar Sağlıq Turizm Şirkətinin Azərbaycana gəlməsi qardaşlığımıza daha bir dəstəkdir.

Daha sonra İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov Azərbaycanın Tacikistandan sonra dünyada ürək-damar xəstəliklərinin statistika göstəricisinə görə ikinci yerdə olduğunu vurğulayıb. “Ölkədə ani ölüm hallarının 68 faizi ürək-damar xəstəlikləri səbəbindəndir”, -deyib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlar departamentinin rəhbəri Hikmət İbrahimli ötən il agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində həm böyüklər, həm də uşaqların üzərində 34 mindən çox ürək-damar əməliyyatının icra olunduğunu qeyd edib. Onun sözlərinə görə, cari il ərzində bu rəqəm 16 mindən çoxdur.

Qeyd edək ki, konfrans elmi hissə ilə davam edir.

×